Allah sənə rəhmət eləsin, Prokudin-Qorski

Bəzi çoxbilmiş soydaşlarımız tələsik “ona rəhmət düşmür” deyəcək yəqin, amma dilimizdəki bu ifadə kökünü ərəbcə “رحمة الله عليه”, yəni vəfat etmiş bir adam barədə “Allahın ona rəhmi gəslin” diləyindən götürür. Bu dilək də öz ünvanına – hər şeyi eşidən və görənə, rəhmdillərin ən rəhmlisinə yetişibsə, artıq söz-söhbətə nə hacət.

Mirzə Cəlil də 1907-ci ildə öz “Qurbanəli bəy” hekayəsini “Qoqol, Allah sənə rəhmət eləsin” epiqrafı ilə başlamışdı. Yəqindir ki, rus ədəbiyyatının klassiki Nikolay Vasilyeviç Qoqolun (1809-1852) tənqidi, satirik əsərləri Cəlil Məmmədquluzadə (1869-1932) yaradıcılığına böyük təsir göstərib və “Molla Nəsrəddin” ədəbi məktəbinin meydana gəlməsinə təkan verib.

Sergey Mixayloviç Prokudin-Qorski (1863-1944) dünyada rəngli fotoqrafiyanın pionerlərindən hesab edilir. Ona rəhmət diləməyimizin səbəbi isə Azərbaycan və azərbaycanlıların yəqin ki, tarixə məlum ilk rəngli foto-şəkillərinin müəllifi olmasıdır.

Prokudin-Qorski kimdir?

Maraqlıdır ki, Prokudin-Qorski nəsli başlanğıcını Qızıl Ordadan oğulları ilə Moskva Knyazlığına gələrək, pavoslavlığı və Pyotr adını qəbul etmiş tatar knyazı Murza Musa (1350-?) ilə bağlayır. Nəslin gerbindəki ay-ulduz tatar köklərinə, simvolik çay şəkli isə Don çayının qolu olan Nepryadva çayına və Kulikovo döşüyündə iştiraka işarədir. Deyilənə görə, 1380-ci ildə böyük knyaz Dmitrinin (1350-1389) ordularının Mamay xanın (1335-1381) qoşununa qalib gəlməsi ilə nəticələnən bu döyüşdə Pyotr bütün oğullarını itirir. Bu qələbədən sonra Donskoy ləqəbini almış knyaz Dmitri fədakarlığına görə Pyotra Ryuriklər sülaləsindən Mariya adlı bir knyaginyanı ərə verir və Qora (rusca “dağ”) adlanan votçina torpaqlarını hədiyyə edir. Qorski soyadı Pyotr Qorski ilə başlayır, onun nəvəsi olan Prokuda (və ya “prokaznik” – rusca “nadinc”) ləqəbli Prokopi Alfyoroviç (1420-1450) və törəmələri isə Prokudin-Qorski adlanır.

Sergey Mixayloviç Prokudin-Qorskinin qısa bioqrafiyasından belə görünür ki, 1890-cı ilə, yəni 27 yaşına qədər o, çox müxtəlif istiqamətlərdə təhsil alır. 1883-86-da Aleksandr Liseyində oxuyur, 1886-88-də Sankt-Peterburq Universitetinin fizika-riyaziyyat fakültəsində təbiət fənləri üzrə mühazirələr dinləyir, 1888-90-da İmperator Hərbi-Tibb Akademiyasında dinləyici olur, İmperator İcəsənət Akademiyasında rəssamlıq dərsləri alır, skripka ilə ciddi maraqlanır və heç bir yerdə də formal təhsilini başa vurmur. Sankt-Peterburq Universitetində Sergey Mixayloviçin müəllimlərindən biri məşhur alim Dmitri Mendeleyev (1834-1907) olur və deyilənə görə onun kimya və fotoqrafiya ilə maraqlanmağının səbəbkarı məhz bu müəllimi olub.

Skuritsxali çayının sahilində. Etüd. Orta-Batum. 1912-ci il. Mənbə: Konqres Kitabxanası.

İmperator Rus Texniki Cəmiyyətinin kimya-texnologiya şöbəsi, sonradan isə fotoqrafiya şöbəsinin üzvü olan Prokudin-Qorski 1897-ci ildən öz fotoqrafiya təcrübələri barədə məruzələr etməyə başlayır. 1901-ci ildə Peterburqda onun “foto-sinkoqrafiya və foto-texnika emalatxanası” açılır. 1902-ci ildə Almaniyaya səyahət edərək, qabaqcıl rəngli fotoqrafiya tədqiqatçılarının, xüsusən Adolf Mitenin (1862-1927) təcrübəsini öyrənir, müasir texniki alətləri mənimsəyir. İlk rəngli foto-şəkil hələ 1861-ci ildə nümayiş olunmuşdu. İstifadə olunan “rəngayırma” prinsipi fotonun qırmızı, yaşıl və göy filtrlə çəkilməsi, nümayiş etdirilmək üçün isə bu şəkillərin uyğun filtrlərlə üst-üstə proyeksiya olunmasını nəzərdə tutur. Əsas problemlərdən biri rəngləri ən yaxşı şəkildə ötürmək imkanı verən foto-emulsiyaların hazırlanması olur ki, Prokudin-Qorski bu istiqamətdə tədqiqatlara öz töhfəsini verir.

Prokudin-Qorskinin üçrəngli proyektoru və proyeksiya prosesi. 1900-1917-ci illərin rəngli dünyası sərgisindən Viktor Minaxinin dizaynı.

Növbəti illər o, Rusiyada rəngli foto-proyeksiya nümayişləri keçirir, imperiyanın müxtəlif bölgələrinə səyahət edərək foto-çəkilişlər aparır, emalatxanasında rəngli açıqçaların çapını təşkil edir. 1908-ci ildə rus ədəbiyyatının 80 yaşlı canlı klassiki Lev Tolstoyun (1828-1910) rəngli foto-şəklini çəkməklə Prokudin-Qorski daha da məşhurlaşır. O, rəngli foto-proyeksiya nümayişləri üçün yüksək cəmiyyətin toplandığı ziyafətlərə tez-tez dəvətlər alır.


“Çox hörmətli Lev Nikolayeviç,
Bir qədər əvvəl kiminsə (familiyasını unutmuşam) çəkdiyi rəngli şəklinizin fotoqrafik lövhələrini aşkarlamaq mənə nəsib oldu. Nəticə olduqca pis alındı, çünki, göründüyünə görə fotoqraf gördüyü işlə yaxşı tanış deyilmiş.
Təbii rənglərlə fotoqrafiya mənim ixtisasımdır və ola bilər ki, təsadüfən mətbuatda mənim adıma rast gəlmisiniz. Hal-hazırda, uzun illər işlədikdən sonra, şəkillərin düzgün rənglərlə əla reproduksiyasını əldə etməyə müyəssər olmuşam. Mənim rəngli slayd proyeksiyalarım Rusiyada məşhur olduğu kimi Avropada da tanınır.
İndi, mənim metodum və lövhələrimdən istifadə etməklə fotoqrafik şəklin çəkilməsi prosesi bir saniyədən üç saniyəyədək vaxt aldığı bir vaxtda, mən cürət edib bir və ya iki günlük (səhhətinizi və hava şəraitini nəzərə alaraq) sizi ziyarət etmək üçün icazə almaq istəyirəm ki, sizin və həyat yoldaşınızın bir neçə rəngli şəklini çəkim…
Mənə elə gəlir ki, əhatəsində olduğunuz mühitdə sizin şəklinizi düzgün rənglərlə təsvirə köçürməklə bütün dünyaya bir xidmət göstərmiş olacağam. Bu təsvirlər daimidir - onlar dəyişmir. Boya ilə çəkilmiş heç bir reproduksiya belə nəticələr əldə edə edə bilməz.

Sergey Mixayloviç Prokudin-Qorski”

“Kənd qəbristanlığı”. Prokudin-Qorski studiyasından rəngli poçt kartı, ştampın tarixi 19 yanvar 1907-ci ildir. Mənbə: Konqres Kitabxanası


1909-cu ilin mayında İmperator II Nikolay və ailəsi üçün keçirdiyi xüsusi nümayiş tədqiqatçının yaradıcılığına həlledici təkan verir. Rəngli təsvirlərə heyran olmuş imperator Rusiyanın bütün əsas görməli yerlərini təbii rənglərlə sənədləşdirmək üçün Sergey Mixayloviçə lazımi nəqliyat xərcləri və icazələrin verilməsini əmr edir. Bir neçə həftə sonra Prokudin-Qorski artıq ilk ekspedisiyasına yollanır. On il ərzində on min rəngli foto-şəklin çəkilməsi planlaşdırılır. Maliyyə çətinlikləri, dünya müharibəsi və inqilablara baxmayaraq Sergey Mixayloviç müxtəlif əyalətlərə, o cümlədən bir neçə dəfə Türküstan və Qafqaza səyahət edərək qiymətli foto-material toplayır, rəngli kinematoqraf istiqamətində işləyir. 1917-ci ildə Romanovlar sülaləsinin hakimiyyəti devrildi, daha sonra isə Bolşevik inqilabı baş verdi. O vaxta artıq Prokudrin-Qorskinin unikal kolleksiyasında 3500-ə yaxın foto-şəkil var idi.

Prokudin-Qorski drezina ilə Petrozavodsk yaxınlığında Murmansk dəmir yolu boyu gedərkən, 1915. Mənbə: Konqres Kitabxanası

Prokudin-Qorski ilk fürsətdə sovet Rusiyasından mühacirət edir, 1918-ci ildə Norveçə ezamiyyətə göndərilir və geri qayıtmır. Daha sonra İngiltərə, 1921-ci ildən 1944-cü ilə, həyatının sonuna qədər Fransada yaşayır. Maraqlıdır ki, tədqiqatçı kolleksiyanın bir qismini, yəni 2300 neqativi Fransaya gətirməyə icazə ala bilir. Sovet Rusiyasında qalan 1200-dən çox neqativ və 1000-dən çox rəngli diapozitiv, həmçinin Fransada saxlanan 400-ə yaxın neqativ itirilmiş hesab olunur. ABŞ Konqres Kitabxanası 1948-ci ildə kolleksiyanın əllərində olan hissəsini Prokudin-Qorskinin oğullarından satın alır. Hazırda kitabxanada saxlanan kolleksiya əsasən 1902 foto-şəklin üçlü neqativindən ibarətdir. Bununla yanaşı 14 qeydiyyat foto-albomunda bu şəkillərin kiçik qara-ağ surətləri yapışdırılaraq izahları yazılıb.

Bu dəyərli tarixi foto-sənədlər uzun illər geniş ictimaiyyətə məlum olmayıb. 2000-ci ildə kolleksiya rəqəmli formata salınaraq Konqres Kitabxanasının veb-saytında açıq istifadə üçün təqdim olunub.

İnstaqram Azərbaycan, 1912

Prokudin-Qorski kolleksiyasında Azərbaycana aid onlarla foto var. Onların harada çəkildiyi, nəyi təsvir etdiyini isə “Qafqaz və Qara Dəniz mənzərələri” adlanan qeydiyyat foto-albomunda uyğun qara-ağ “thumbnail” rəsmciklərin altında verilmiş izahedici başlıqlardan öyrənmək olar.

“Qafqaz və Qara Dəniz mənzərələri” albomunun 33-cü səhifəsi. Mənbə: Konqres Kitabxanası.

Fotoların əksəriyyəti Muğan çölündə, 1912-ci ildə çəkilib və 44-səhifəlik albomun 33-38-ci səhifələrində qeydiyyata düşüb. Bu seriya “Река Араксъ у Саатлы. Мугань”, yəni “Saatlı yaxınlığında Araz çayı. Muğan” şəkli ilə başlayır və əsasən Xarkov quberniyasından köçürülmüş ukraynalı kəndlilərin məskunlaşdığı Nikolayevsk, Qrafovka və Petropavlovsk (1931-ci ildən adı dəyişdirilmiş bugünkü Sabirabad) ətrafında pambıq təsərrüfatlarını təsvir edir. Yeri gəlmişkən, hələ 1899-cu ildə Azərbaycan mətbuatının banisi, görkəmli ziyalı Həsən Bəy Zərdabi (1837-1907) “Kaspi” qəzetindəki məqaləsində bu məntəqələrin adını çəkir.

“Qafqaz və Qara Dəniz mənzərələri” albomunun 38-ci səhifəsi. Mənbə: Konqres Kitabxanası.

Bu fotoların ancaq bir neçəsində insanlar təsvir olunub. “Персидские татары. Саатлы. Мугань”, yəni “İranlı tatarlar. Saatlı. Muğan” başlıqlı şəkli azərbaycanlıların tarixə məlum ilk rəngli foto-şəkli hesab etmək olar. Bir çoxlarımızın ev albomlarında rəngli fotolar ancaq 1980-ci illərdə peyda olduğu halda, şəkildəki iki kişinin əsrin əvvəlində rəngli foto-şəkli çəkilib. Onlar isə heç də bu tarixi andan məmnun görünmür. Öz rəngli şəkillərini görmək də, yəqin ki, onlara qismət olmayıb. Konqres Kitabxanası bu unikal kolleksiyanı rəqəmli formata keçirib internetdə açıq yerləşdirməsəydi, yəqin bizə də qismət olmazdı.

“İranlı tatarlar. Saatlı. Muğan” fotosunun bərpa olunmuş rəngli təsviri (solda) və üçlü neqativin rəqəmli faylı (sağda, yuxarıdan-aşağıya mavi, yaşıl və qırmızı filtr üçün təsvirlər). Mənbə: Konqres Kitabxanası.

Bu şəkli mən hələ 2010-cu ildə Amerikada olarkən kitabxananın saytındakı Prokudin-Gorski kolleksiyasında axtarış edəndə görmüşdüm, amma o vaxt deyəsən “Azərbaycan” sözü ilə axtarış verərkən sadəcə bir neçə şəkil çıxırdı. Konqres Kitabxanası 2001-ci ildə “The Empire That Was Russia”, yəni “Rusiya olmuş imperiya” adlı sərgi üçün fotoqraf Valter Frankhauserə (Walter Frankhauser) 122 təsvirin bərpasını sifariş edir. Qorunub saxlanmış üçlü neqativlərin 2000-ci ildə yüksək ayırdetmə dəqiqliyi ilə skan olunmuş rəqəmli faylları əsasında rəngli təsvirlərin bərpa olunması heç də trivial məsələ deyil.

Vaxtilə hər fotonun ayrı-ayrı rənglər üçün üç şəkli çəkilib. Çəkilişlər arasında keçən vaxt ərzində neqativin sürüşməsindən başqa fotosu çəkilən obyektlər də hərəkət edib. Şüşə neqativ lövhənlərinin müxtəlif fiziki defektləri də restavrasiyanı çətinləşdirib. Prokudin-Qorski çay sahilində təsvir olunmuş yuxarıdakı foto da Fankhausenin restavrasiya etdiyi şəkillərdəndir. Azərbaycanda çəkilmiş şəkillərdən yalnız biri – “Muğan. Mühacirin ailəsi. Qrafovka qəsəbəsi” adlı foto sərgi üçün restavrasiya olunub.

Daha sonra, 2004-cü ildə Konqres Kitabxanası bütün rəngli fotoların avtomatlaşdırılmış bərpa-rekonstruksiyası üçün Blez Aquera-i-Arkas (Blaise Agüera y Arcas) ilə müqavilə bağlayır. Yeri gəmişkən, kompüter qrafikası sahəsində məşhur mütəxəssis olan Blez 2013-cü ildə yeddi il “Microsoft”da aparıcı rollarda işlədikdən sonra “Google” şirkətinə keçməklə gündəmə gəlmişdi. Onun sözlərinə görə foto-şəkillərin bərpası üçün hazırlanan proqram təminatında üç neqativin “sərt uyğunlaşdırma” üsulu ilə yanaşı neqativlərin müxtəlif hissələrini müxtəlif cür deformasiya edən və daha yaxşı nəticə verən “əyilmə sahəsi üzrə uyğunlaşdırma” üsulu istifadə olunub.

Qəribədir ki, Konqres Kitabxanasının onlayn bazasında saxlanan bərpa olunmuş “İranlı tatarlar” foto-şəklində neqativlər yaxşı uyğunlaşdırılmadığından rənglərin sürüşməsi açıq-aşlar görünür. Bu, xüsusilə də sağdakı personajda özünü daha aşkar biruzə verir. Hərçənd ki, parlaq gün işığında çəkildiyindən, bu çəkilişlərin ekspozisiya vaxtı və beləliklə də üç şəkil arasında fərqlər az olmalıdır, həmçinin neqativlərdə ciddi defektlər görünmür.

Tənbəllik etməyib üçlü neqativ faylını “Photoshop” proqramında açdım və uyğun hissələrini kəsərək yeni bir faylda qırmızı, yaşıl və göy rəng kanalına köçürdüm. Sadəcə köçürmə çevirməsi ilə, yəni yuxarı-aşağı və ya sağa-sola sürüşdürməklə təsvirləri üst-üstə gətirərək uyğunlaşdırdım. Göründüyünə görə, ideal nəticə almaq üçün həm də cüzi fırlatma çevirməsi etmək lazımdır. Lakin alınmış şəkil belə də qənaətbəxş görünürdü. İşi sona çatdırmaq istəyənlər faylı buradan yükləyə bilər. Yekunda bir qədər qırmızı və yaşıl kanaldakı təsviri tündləşdirdim, nəticə aşağıdadır.

Bərpa olunmuş “İranlı tatarlar” foto-şəklinin fraqmenti. Solda: Konqres Kitabxanasının versiyası. Ortada: mənim versiyam. Sağda: V.Ratnikov tərəfindən restavrasiya olunmuş versiya.

Daha sonra öyrəndim ki, Prokudin-Qorski irsini tədqiq edən bir neçə müxtəlif layihə çərçivəsində foto-şəkillər bərpa olunaraq internetdə yerləşdirilib. Amma bundan əvvəl Konqres Kitabxanasının kataloqunda balaca bir qeyri-dəqiqliyi aradan qaldırası oldum.

Tədqiqatçı A.Yusubov

Konqres Kitabxanasının onlayn kataloqunda şəkillərin başlıqları qeydiyyat albomlarında uyğun qara-ağ rəsmciklərin altındakı yazılardan götürülüb. Böyük ehtimalla bu albomlar çəkilişlərdən xeyli sonra Prokudin-Qorski və onun köməkçiləri tərəfindən hazırlanıb, çünki, bəzən albomdakı başlıqlar şəklə uyğun gəlmir və ya xronoloji ardıcıllıq açıq-aşkar pozulur.

“Qafqaz və Qara Dəniz mənzərələri” albomunun 32-ci səhifəsində yanlış başlıqlı fotonun ağ-qara rəsmi (solda) və xalq arasında “şirvan” kimi tanınan köhnə on min manatlıq əskinas üzərində Şirvanşahlar Sarayı kompleksinin təsviri (sağda). Mənbə: Konqres KitabxanasıBanknoteIndex.com.

Yəqin hər azərbaycanlı təsdiq edər ki, yuxarıdakı şəkildə Şirvanşahlar Sarayındakı məscid təsvir olunub, lakin qeydiyyat albomunda bu şəkil Tiflis fotoları arasında yerləşdirilib, başlığı isə səhvən “Мечеть въ Азiатской части Тифлиса”, yəni “Tiflisin asiya hissəsində məscid” kimi qeyd olunub. Onlayn kataloqda isə başlıq düzəldilib və qeydlərdə “Corrected title information provided by Dmitry Vorona, 2013”, yəni “Düzəldilmiş başlıq barədə məlumat Dmitri Vorona tərəfindən verilib, 2013” yazılıb.

Təəssüf ki, bu şəklin rəngli neqativləri günümüzə gəlib çıxmayıb, lakin bu onu göstərir ki, Prokudin-Qorski Bakıda da çəkiliş aparıb. Qafqaz albomunu onlayn kataloqda vərəqləyərkən 39-cu səhifədə Bakı sakinlərinə yaxşı tanış olan Filarmonniya binasının fotosunu gördüm. Məlum oldu ki, albomda bu şəklə aid heç bir izah olmasa da onlayn kataloqda bu şəklin başlığı həmin səhifədəki digər fotonun başlığına uyğunlaşdırılaraq “Mechetʹ v Vladikavkazi︠e︡ (Mosque in Vladikavkaz)”, yəni “Vladiqafqazda məscid” kimi qeyd edilib.

Filarmoniya binasının fotosunun bərpa olunmuş rəngli təsviri (solda) və üçlü neqativin rəqəmli faylı (sağda). Mənbə: Konqres Kitabxanası.

Həmən kitabxananın saytında kataloqdakı yanlışlıqlar barədə məlumat vermək üçün onlayn forma vasitəsilə 25 mart 2015 tarixli növbəti ismarışı göndərdim:

Bu fotonun Prokudin-Qorskinin albomunda öz başlığı yoxdur, lakin göründüyünə görə digər Vladiqafqazda məscid fotoşəklinə yaxın olmağı səbəbindən səhv bir başlıq verilmişdir.

Əslində bu, başqa bir şəhərdə – Bakıda, tamamilə başqa bir binadır. 1918-ci il Bakısının nadir aero-foto-şəklinə baxın. 1912-ci ildə varlı Bakı elitasının klubu kimi açılmış aşağı sağ küncdə görünən İctimai Toplantılar üçün Yay Mərkəzi memarlıq baxımından la Opera de Monte-Karlodan ilham almışdır, indi isə orada məşhur azərbaycan sovet bəstəkarı və dirijoru Müslüm Maqomayevin (1885-1937) adını daşıyan Azərbaycan Dövlət Filarmoniyası yerləşir (burada baxın). Binanın müasir görünüşünü burada görə bilrəsininz.

Bir gün sonra isə Konqres Kitabxanasından belə bir cavab e-məktubu aldım:

Hörmətli Araz Yusubov: Prokudin-Qorskinin bu şəkli (nüsxə LC-P87-7277) üçün başlıq barədə e-məktubunuza görə sağ olun. Haqlısınız ki, albmdakı (LOT 10336) şəklin başlığı yoxdur və kataloqdakı yazı məscid şəklinə yaxın olduğuna görə mənimsədilib. Bu məscid açıq-aydın LC-P87-7277 nömrəli şəklində təsvir olunan bina deyil.

LC-P87-7277 nömrəli nüsxədə göstərilən bina bizə göndərdiyiniz aero-foto-şəkildə göstərilən Bakı, Azərbaycandakı keçmiş İctimai Toplantılar üçün Yay Mərkəzinə oxşayır. Sizin yeni məlumatlarınızı daxil etmək üçün verilənlər bazamızı yenilədim. Dəyişiklik bir neçə həftə içində onlayn kadaloqda olmalıdır.


Kataloqumuzdakı bu şəkil üçün məlumatı düzəldərək təkmilləşdirməkdə bizə kömək etdiyinizə görə çox sağ olun.
 

Ən xoş arzularla,
Arden Aleksander
Kataloqçu
Nəşrlər və Foto-şəkillər Şöbəsi Konqres Kitabxanası


Beləliklə, indi Konqres Kitabxanasının kataloqunda bu fotonun başlığı “The Summer Centre for Public Gatherings, Baku, Azerbaijan”, yəni “İctimai Toplantılar üçün Yay Mərkəzi, Bakı, Azərbaycan” kimi göstərilir. Qeydlər hissəsində isə kiçik əlavə edilib: “Title devised by Library staff. (Source: researcher A. Yusubov, 2015)”, yəni “Başlıq Kitabxana işçiləri tərəfindən qoyulub (Mənbə: tədqiqatçı A. Yusubov, 2015)”.

Digər maraqlı keçidlər

“Цвет нации” (“Millətin rəngkarı”) Leonid Parfyonovun 2014-cü ildə çəkdiyi, Prokudin-Qorskinin 150-illiyinə həsr olunmuş sənədli filmi (rus dilində) https://www.youtube.com/watch?v=Qx0TbbRC5RE

“S.M.Prokudin-Qorski irsi” beynəlxalq elmi-tədqiqat layihəsinin saytında bərpa olunmuş rəngli-fotoşəkillərin kataloqunda bir çox başlıqlar da dəqiqləşdirilib http://prokudin-gorsky.org/

Belorusiya pravoslav kilsəsi nəşriyyatının “Rusiya İmperiyası rəngli şəkillərdə” layihəsi çərçivəsində bərpa olunmuş rəngli foto-şəkillər http://veinik.by/

Rusiya Elmlər Akademiyasının restavrasiya üçün rəqəmli texnologiylara laboratoriyası və “Restavrator-M” mərkəzinin bərpa etdiyi rəngli foto-şəkillər http://www.prokudin-gorsky.ru/English/index.shtml

Prokudin-Qorski: Avtoportret. Kivaç şəlalələrində etüd. Aşağıda: Prokudin-Qorski kolleksiyasından seçmələr, əsasən internetdə daha az istifadə olunana şəkillərdən

prokudin prokudin prokudin prokudin prokudin prokudin prokudin prokudin prokudin prokudin prokudin prokudin prokudin prokudin prokudin prokudin prokudin prokudin prokudin prokudin prokudin prokudin prokudin prokudin prokudin prokudin prokudin prokudin prokudin prokudin prokudin prokudin prokudin prokudin prokudin prokudin prokudin prokudin prokudin prokudin prokudin prokudin prokudin prokudin prokudin prokudin

Dağıstan, Arakani kəndi

No hay comentarios: